“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan şəhərinin bir sıra ərazilərində olmaqla, ümumilikdə 8 yerdə açıq hava idman qurğularının quraşdırılması işi icra olunur. Artıq quraşdırma işi tamamlanan 5 idman meydançası əhalinin istifadəsinə verilib.
Bu münasibətlə dekabrın 7-si təqdimat tədbiri keçirilib. Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov Dövlət Proqramı çərçivəsində həyata keçirilən sosial layihənin əhəmiyyəti barədə danışıb, qurğuların quraşdırılması ilə bağlı icra olunan işlər barədə məlumatları diqqətə çatdırıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin rifah halının yüksəldilməsi, müxtəlif xidmət sahələrində xidmət keyfiyyətinin artırılması, vətəndaş məmnunluğuna xidmət edən digər məsələlərin həlli prioritet təşkil edir. Naxçıvan şəhərində açıq hava idman qurğularının istifadəyə verilməsini bədən tərbiyəsi və idmanın inkişafı, əhalinin, xüsusən də gənc nəslin sağlam həyat tərzinə təşviqi və şəhər infrastrukturunun zənginləşməsinə töhfə kimi dəyərləndirən Məcid Seyidov sakinləri təbrik edib, sözügedən idman meydançalarının ümumi məqsədlər baxımından faydalı olacağına inamını ifadə edib. Göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.
Qeyd edək ki, əhalinin istifadəsinə verilən idman meydançaları Heydər Əliyev prospekti, Əliabad qəsəbəsi, Əziz Əliyev küçəsi (2 yer) və Əlincə məhəlləsində yerləşir. Şəhərin daha 3 ərazisində quraşdırma işləri yekun mərhələdədir və qarşıdakı günlərdə istifadəyə verilməsi nəzərdə tutulub. Hər birinin sahəsi 76 kvadratmetr olan idman meydançalarında 12 dəst müxtəlif funksiyalı açıq hava tipli idman aləti, ətrafında skamyalar və zibil qutuları mövcuddur. Müxtəlif yaş qruplarına uyğun dizayn edilən alətlər fiziki hazırlığı artırmaq, əzələləri möhkəmləndirmək və müxtəlif məşq proqramlarının icrası üçün əlverişlidir.